Adil Əliyev: Xalqımız irəli sürülən layihəyə “hə” deyəcək

Məlum olduğu kimi, Prezident İlham Əliyev iyulun 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında Sərəncam imzalayıb. Konstitusiya Məhkəməsinin Plenumunun iyulun 25-də keçirilən iclasında sözügedən məsələyə baxıb və Referendum Aktı layihəsinə müsbət rəy verilib. Dövlətimiz üçün olduqca vacib amilləri özündə ehtiva edən əhəmiyyətli tədbirin keçirilməsi üçün Prezident İlham Əliyevin daha bir Sərəncamına əsasən Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - referendum sentyabrın 26-na təyin olunub.

Mövzu ilə əlaqədar “İki sahil” qəzetinə açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev əminliklə söyləyib ki, demokratik şəraitdə yaşayan, ağı qaradan seçməyi bacaran Azərbaycan vətəndaşları təyin olunmuş zamanda səsvermə məntəqələrinə gedərək, öz seçimlərini edəcəklər.

Deputat bildirib ki, Azərbaycanda bir neçə dəfə referendum keçirilib və sonuncu referendum 7 il əvvələ təsadüf edir: “Məhz ötən 7 ildə ölkəmiz uğurla inkişaf edərək dünya dövlətləri içərisində özünəməxsus yerini qazanıb. Bu gün müstəqil Azərbaycan inkişafının elə bir mərhələsindədir ki, Konstitusiyada bir sıra dəyişikliklərin edilməsi zərurətə çevrilib. Ona görə də hesab edirəm ki, dövlətin apardığı məqsədyönlü siyasəti dəstəkləyən hər bir vətəndaşımız bu dəfə də tərəqqiyə, inkişafa səs verəcəkdir”.

Adil Əliyev Referendum Aktı layihəsində Konstitusiyaya təklif edilən bir sıra müddəalar barədə də danışaraq bildirib ki, ölkəmizdə prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, deputatlığa namizədlərə qarşı yaş senzinin aradan qaldırılaraq 18 yaş müəyyənləşdirilməsi, vitse-prezident postlarının yaradılması, bütövlükdə 29 maddənin hər biri tam şəkildə demokratiyanın tələblərinə cavab verir: “Əbəs yerə deyil ki, Konstitusiya Məhkəməsi də qərara alıb ki, təklif olunan dəyişikliklər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Konstitusiyasının ümumi müddəalarına ziddiyyət yaratmadığından və 155-ci maddənin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə çıxarıla bilər. Düşünürəm ki, bu və digər amilləri nəzərə alaraq son sözü xalq deyəcək. Mən də bir millət vəkili kimi əminəm ki, xalqımız irəli sürülən layihəyə yekdilliklə “hə” deyəcək”.

Deputat daha bir amilə də toxunaraq qeyd edib ki, bir sıra aparıcı ölkələrdə bu tipli konstitusiya dəyişkilikləri tətbiq edilib və bu da normal qarşılanır: “Əksər demokratik ölkələrdə prezidentlik müddətinin 7 ilə qaldırılması halı mövcuddur. Vaxtilə Fransada, Türkiyədə də prezidentin səlahiyyət müddəti 7 il olub. Bundan başqa, İtaliyada, İrlandiyada, İsraildə prezident 7 il müddətinə seçilir. Azərbaycan inkişaf etməkdə olan ölkədir və qarşısındakı hədəflər böyükdür. Əgər xalq prezident seçərkən ona etimad göstərirsə, ölkənin bütün sahələrində inkişaf hiss olunursa, əhalinin yaşayış səviyyəsi yüksəlirsə, o zaman prezidentimizin səlahiyyət müddətinin 5 il deyil, 7 il olması daha məqsədəuyğun olar. Özlərini müxalifət adlandıran bəzi siyasətbazlar bu amildən öz şəxsi məqsədləri üçün istifadə edib səs-küy qaldırır, əsassız bəyanatlar səsləndirirlər. Bu, anlaşılmazdır. Diqqət yetirin, artıq bir neçə gündür ki, müxalifətin ənənəvi, yaxud da radikal adlandırılan qanadı, xüsusilə qeyri-milli fəaliyyəti ilə tanınan “Milli Şura” və AXCP rəhbərliyi sosial şəbəkələrdə kimlərinsə sifarişlərini icra edərək, referendum layihəsinə qarşı qərəzli fikirlər səsləndirir, hətta “xalq hərəkatına” başlayacaqlarını iddia edirlər. Biz prezident və parlament seçkiləri ərəfəsində də bunların belə səs-küy salmalarının şahidi olduq. Nə baş verdi? Xalq onların yanında olmadı, onlara dəstək vermədi. Hətta gördük ki, 1000 nəfərlik stadiona 300-500 nəfəri zorla toplaya bildilər. Budurmu “xalq hərəkatı?” Əslində demokratiya və inkişafa qarşı çıxan, xarici havadarlarının buyruq qullarına çevrilən qondarma müxalifətin belə addımları yalnız istehza doğura bilər. Fakt budur ki, Azərbaycanda referendum keçirilməsi barədə qərarın verilməsi dövlət başçısının səlahiyyətlərinə daxil olan bir məsələdir və cənab Prezident də bu səlahiyyətindən, hüququndan istifadə edir. Ölkədə iqtidar-xalq birliyi mövcuddur və Azərbaycan xalqı firavan, xoşbəxt yaşamağa üstünlük verir. Belə olan təqdirdə xalqımızın növbəti dəfə hakimiyyətlə vəhdət olaraq inkişafa, tərəqqiyə səs verməsi kimsədə şübhə doğurmamalıdır. Biz referendumun keçiriləcəyi tarixi gündə də bunun növbəti dəfə şahidi olacağıq”.

İntizarə Məmmədova, “İki sahil”

Read 1869 times Last modified on Thursday, 28 July 2016 06:50
Açar sözlər

Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Şərhləri sosial şəbəkələrdə bölüşün

Azərbaycan Respublikası Milli Məslisinin deputatı Adil Əliyevin rəsmi saytı

FOTOLAR

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…