“Tarif Şurasının qərarı ilə bağlı korrektələr ola bilər”

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev: “Məhərrəm Əliyevin kölgəsindən yox, işığından çıxdım”.

Son illər mətbuatda onunla bağlı xəbərlərin sayında ciddi artım var. Millət vəkili seçildiyi ilk dönəmdən fərqli olaraq, artıq piarın faydalılığına inandığı hiss olunur və bu, mətbuat səhifələrində də özünü göstərir. Millət vəkili,  Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevi mətbuata qapalı biri hesab etmək olmaz. “Yeni Müsavat”a qonaq gəlib, “Bizim qonaq” rubrikasının qonağı olmaqla, zaman-zaman iynəli suallarımıza cavab verməklə də media ilə münasibətlərdə dözümlü olduğunu göstərdi. 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, baş redaktorun birinci müavini Azər Ayxan, baş direktorumuz Ələsgər Süleymanov və əməkdaşımız Sevinc Telmanqızının iştirakı ilə baş tutan iki saatlıq debatda da oxucuları maraqlandıracağını düşündüyümüz bütün mövzulardan danışdıq. Bahalaşmadan başlayıb, MTN olaylarında bitirdik söhbəti... 

 Təbii ki, öncə redaksiyamıza ilk dəfədir gələn qonağı Rauf bəy salamlayıb, “xoş gəldin” dedi.

 R.Arifoğlu: 

 - Adil bəy, Sizə veriləcək xeyli suallarımız var. Amma gündəmdə elə bir məsələ var ki, millət vəkili ilə söhbətə bununla başlamamaq qeyri-mümkündür. Söhbət Tarif Şurasının son bahalaşma ilə bağlı qərarından gedir. Həm də ortadakı qeyri-müəyyən vəziyyət diqqət doğurur. Bir qərar verilib, amma çoxlu sual, anlaşılmazlıq var. Bir millət vəkili, böyük bir rayonu təmsil edən Milli Məclis üzvü olaraq sizin fikirləriniz maraqlıdır.

 - Çox sağ olun məni redaksiyanızda qonaq etdiyiniz üçün. Nə zamansa “Yeni Müsavat” ailəsində qonaq olacağımı düşünürdüm. Qismət bu günə imiş, Allahımıza şükürlər olsun. Sualınıza gəlincə, Tarif Şurasının qərarı insanlarımız tərəfindən birmənalı qarşılanmadı. Hesab edirəm ki, dövlət rəsmilərinin bu qərarla bağlı son sözü olacaq. Tarif Şurası müstəqil bir təşkilat kimi müxtəlif sahələrlə bağlı müəyyən araşdırmalardan sonra qərarlar qəbul edə bilir. 

 Bu qərarları qəbul etdikdə nə Milli Məclis, nə də millət vəkilləri ilə məsləhətləşirlər. Onunçün də dövlət rəsmiləri, aidiyyəti insanlar bununla bağlı açıqlama verəcəklər. Qərar yeni qəbul olunub, amma açıqlamalar olacaq, olmalıdır. Bu açıqlamalar xalqın, millətin xeyrinə olmalıdır. Biz bu açıqlamaları aidiyyəti qurum və təşkilatlardan, insanlardan gözləyirik. 

 R.Arifoğlu: 

 - Sizin dediklərinizdən belə nəticə hasil olur ki, bu qərarın müəyyən korrektəsi ola bilər...

- Korrektə ola bilər. Başqa sahələrdə də adekvat addımlar atıla bilər. Maaşlar qaldırıla bilər, məsələn. Hesab edirəm ki, bu çətin zamanda, manatın devalvasiyaya uğramasından sonra qiymətlərin qaldırılmasının çox təhlükəli məqam olduğunu Tarif Şurası gözəl anlayır, başa düşür. Onun üçün də mütləq dövlət rəsmilərinin bu barədə münasibəti olacaq. 

 R.Arifoğlu: 

 - Yeri gəlmişkən, bəzi millət vəkilləri öz maaşlarından, dolanma imkanlarından şikayət edir. Azərbaycanın millət vəkilləri nə qədər maaş alır? 

 - 2200 manat civarında. Bu, adi millət vəkili maaşıdır. Komitə sədrləri bir az çox alır, sədrin müavinləri də əlavə maaşlar alır. 

 R.Arifoğlu: 

 - Siz bir neçə ölkənin parlament deputat qrupu ilə əlaqədə olan komitələrin üzvüsünüz... 

 - (Dəqiqləşdirir) Mən Azərbaycan-Qazaxıstan Parlament Qrupunun rəhbəriyəm. Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə, Azərbaycan-Avstraliya, Azərbaycan-Çin, eləcə də ərəb ölkələri ilə dostluq qruplarının üzvüyəm.   

 R.Arifoğlu: 

 - Heç maraqlanmısınız, həmin ölkələrdə deputatlar nə qədər maaş alır? 

 - Çox müxtəlifdir. Türkiyədə bizdən çox fərqli deyil. Sadəcə, orda sistem tamam fərqlidir. İki rəsmi köməkçiləri, xidməti maşınları var. Müharibə aparan dövlətlə inkişaf etməkdə olan dövlətin millət vəkillərinin maaşı arasında fərq təbii ki, olmalıdır. Bunu tək millət vəkilinin maaşı qalxmalıdır kimi qəbul etmək lazım deyil. Millət vəkilləri ilə yanaşı, başqa peşə sahiblərinin də maaşları qalxmalıdır. 

 R.Arifoğlu: 

 - Bu sualı verməklə həm də oxuculara informasiya vermək istəyirik ki, Azərbaycanda digər ölkələrlə müqayisədə millət vəkillərinin maaşı o qədər də yüksək deyil. Lakin eyni zamanda burda bir təzad da ortaya çıxır: Azərbaycan vətəndaşları millət vəkillərindən də az maaş alırlar. Bəlkə də əhalinin 70 faizinin arzusu budur ki, ayda 2000 manat maaş alsın. Ona görə də insanlara heyrətamiz gəlir ki, millət vəkili 2000 manat məvacibdən narazıdır...

 - Millət vəkili millətin güzgüsüdür, milləti təmsil edir. Siz hansısa əməkdaşınızı xarici bir səfərə, ezamiyyətə, bir mötəbər tədbirə göndərəndə istəyərsiz ki, şirkətinizin adını layiqincə təmsil etsin. Geyimi, görünüşü və eyni zamanda bir sıra xərclərini ödəmək imkanları ilə fərqlənsin. Ona görə də dövlət çalışır ki, onu təmsil edən millət vəkillərini adi vətəndaşdan, dövlət qulluqçularından fərqli maaşla təmin etsin... 

 S.Telmanqızı: 

 - Bəzi həmkarlarınız iddia edir ki, deputat maaşının onlara azlıq etməsinin səbəbi problemlərinin çoxluğudur. Xüsusən də seçiciləri ilə bağlı bir çox qayğıları şəxsi hesablarına həll edirlər, dərmanlarını alırlar, yardım istəyənlərin bəzən ciblərinə pul qoyurlar  və sair. Bu baxımdan da məvacibləri azlıq edir. Sizdə durum necədir? 

 - Heç kim millət vəkilini məcbur etmir ki, seçicilərin problemlərini şəxsi hesabına həll etsin. Təbii ki, bölgələrdən seçilən millət vəkilləri var. Onların rayonlara gedib-gəlməsi, xərcləri var. Sürücülərinə məvacib verilmir, yanacaq pulu verilmir...

 R.Arifoğlu: 

 - Sürücü ştatı yoxdur? 

 - Yoxdur. Ancaq komitə sədrlərində sürücü ştatı var. Bir də bütün deputatların köməkçi ştatı var. Köməkçilərə ştat verilir. Yalnız bir rəsmi köməkçi ştatı var, onun məvacibi də dövlət tərəfindən verilir. 

 S.Telmanqızı: 

- Seçicilərin problemləri demişkən, o düzdür ki, sizin qərargahınızdakı qapının üstündə “İş və maddi problemlə bağlı müraciət etməyin”, elanı yazılıb? 

“Millət vəkilləri ilə yanaşı, başqa peşə sahiblərinin də maaşları qalxmalıdır”

- Düzdür. 

S.Telmanqızı: 

- Niyə? 

- 3 seçkidir ki, eyni ərazidən seçilirəm. O həddə çatmışam ki, qapımın üstündə onu yazıb vurmuşam. Onsuz da mənim tanıdığım insanlar, məni tanıyan insanlar bilirlər vəziyyətin nə yerdə olduğunu. Yəni seçicilərimə hansı məsələlərdə yardım etdiyimi, onların mənə münasibətini. Bunlar bizim aramızdadır və sirdir. Amma bəzən başqa ərazilərdən, başqa millət vəkilinin ərazisindən mənim qərargahıma gəlirlər. Həmin problemlərlə bağlı mənə müraciət edirlər. O həddə çatmışam ki, Məşğulluq İdarəsi, məni tanıyan dövlət qurumları, özəl sektor nümayəndələri bilirlər ki, mən onlara işlə bağlı müraciət edirəm. 

Eyni adamdan çox iş xahiş etmək də mümkün deyil. Məsələn, siz bir qurumun rəhbərisiz.  2005-ci ildə mən deputat seçilmişəm, 2006-cı ildə zəng edib, sizdən ərazimdəki bir seçici üçün, onun bütün müsbət özəlliklərini sadalayıb iş xahiş etmişəm. Həmin qurumun rəhbəri də yeni millət vəkili olaraq mənim sözümü yerə salmayıb. Ancaq sabahısı gün bir başqası, o biri gün başqası gəlir... Eyni adama işlə bağlı xahiş etməmi istəyirlər. Mən də eyni adama bir dəfə xahiş etmişəm, iki-üç dəfə də xahiş etsəm, sözümü yerə salmır. Amma 10-11 il eyni adamdan müxtəlif adamlarla bağlı eyni xahişi etmək praktik olaraq mümkün deyil. Belə olanda hamı dilə gələr ki, qardaş, mən sənin seçicini işlə təmin etmək üçün çalışmıram ki... 

S.Telmanqızı: 

- Ölkədə işsizlik və kasıblıq problemləri var. Seçiciniz də bununla bağlı müraciət edir. Siz buna qadağa qoyursuzsa, seçiciniz sizə niyə müraciət etsin ki? 

A.Ayxan: 

- Ümumiyyətlə, sizin əsasnamədə seçicinizi işlə təmin etmək kimi bir öhdəliyiniz varmı? 

- Əsasnamədə yoxdur. Mənim seçicilərlə aramda olan münasibət bir qardaşlıq, ata-bala münasibətidir. Mən əgər üçüncü dəfə eyni dairədən namizəd seçilmişəmsə, demək, burda bir sirr var. Mən o insanlara inanıram, etibar edirəm, onlardan səs istəyirəm. İnsanlar mənim yanıma şəxsi dost kimi gəlirlər. Bəzi məsələlər mənim millət vəkili kimi statusuma uyğun deyil. Amma onlar mənə bir tanış, dost, qonşu kimi müraciət edirlər. 

R.Arifoğlu: 

- Amma belə bir rəy də var ki, seçicilərinə ən çox kömək edən, onların problemlərini həll edən millət vəkillərindənsiz, həm də buna imkanlarınız var. 

- Mən bunun statistikasını aparmamışam. Ancaq hesab edirəm ki, ən azından qulaq asmışam, seçicimin dərdinə şərik olmuşam. Seçici təkcə pulla bağlı müraciət etmir ki. Onun banka borcu olur, uşağının məktəbdə nəsə problemi yaranır, qaz, işıq, lift borcları olur. Seçicilərə izah etmək istəyirəm ki, nə qədər çox seçici seçkilərə qatılsa, bu, o qədər çox millətin adına yazılan müsbət məqam deməkdir. Seçici seçkiyə getmir. Bir dairədə 41 min seçici varsa... Mən son seçkidə 11 min səs toplamışam. O biri namizədlərlə birgə 15-20 min seçici səsi toplamışıqsa, ümumi nəticə onu göstərir ki, seçicilərin yarıdan çoxu seçkilərə gəlmir. Çoxu arxayındır ki, onsuz da seçiləcəksən. Seçkiyə getmək mədəniyyəti bizdə aşağı səviyyədədir. 

“Heç kim millət vəkilini məcbur etmir ki, seçicilərin problemlərini şəxsi hesabına həll etsin”

S.Telmanqızı: 

- Adil müəllim, amma sizin deputat olduğunuz dairə də Bakı şəhərinin nisbətən imkanlı təbəqəsinin yaşadığı ərazidir. Villalar, bahalı evlər... Yəni adam düşünür ki, sizin seçicinizin yəqin ki, o qədər də çox böyük problemi olmaz. Ən azı regionda, rayonlarda yaşayanlar qədər...

- O villalarda yaşayanlar ümumi seçicilərimin heç 5-10 faizi deyil. O ərazidə Azərbaycanın ən imkanlı və ən imkansız şəxsləri yaşayır. Kontrasdır. Orta təbəqə də çoxdur. Xutor deyilən sahə var, amma eyni zamanda Ruhulla Axundov küçəsi də, Ülvi Bünyadzadə küçələri daha aztəminatlı insanların yaşadığı ərazidir. 

R.Arifoğlu: 

- 2010-cu ildə parlament jurnalistləri arasında sizinlə bağlı bir sorğu keçirilib. Jurnalistlərin böyük əksəriyyəti deyib ki, Adil Əliyev fəal deyil, onu daha çox Məhərrəm Əliyevin qardaşı kimi tanıyırıq... Amma 2010-cu ildən üzü bu yana o qədər sürətli dəyişiklik olub ki, siz fəal deputat, idman, siyasət sektorunda, beynəlxalq münasibətlərdə, türk dünyası ilə əlaqələr məsələsində bir xeyli işlər görmüsüz. Hər ay ən azı sizinlə bağlı bir-iki böyük xəbər yayımlanır, uğurlarınız barədə ictimaiyyət məlumatlandırılır. Bu, nədən xəbər verir? Adil Əliyev, nəhayət, general Məhərrəm Əliyevin qardaşı kölgəsindən çıxıbmı? Bu cür hesab etmək mümkündürmü? 

- (Gülərək) Məhərrəm Əliyevin kölgəsindən yox, işığından... 

R.Arifoğlu: 

- (Zarafatla) Yaxşı, sualı dəyişək: Məhərrəm Əliyevin işığından çıxdınızmı? Çünki artıq Adil Əliyevin adı gələndə “Məhərrəm Əliyevin qardaşı” izahatı verilmir, deputat Adil Əliyevin təqdimatı ön plana çıxır... Bir fəallıq, hətta bəzi çevrələri qısqandıracaq fəallıq nümayiş etdirməkdəsiz. 

“Qərargahdakı qapımın üstündə “İş və maddi problemlə bağlı müraciət etməyin” elanının olması doğrudur”

- Gözəl sualdır. Mən əvvəllər gördüyüm işləri işıqlandırmırdım. Mətbuatla əlaqələrim sıx deyildi, sosial şəbəkədə aktiv deyildim. Fikirləşirdim ki, sağ əlin etdiyini sol əl bilməməlidir. Amma o sorğulardan sonra gördüm ki, bəzi insanlar məni yanlış yerə heç bir iş görməməkdə, “lal millət vəkili” olmaqda qınayırlar. O sorğunu keçirənlər, buna rəy verənlərin mənim ərazimdən xəbərləri yox idi. Mən millət vəkili seçiləndən bu günə qədər insanlarla çox yaxın təmasdayam. O işlərimi işıqlandırmadığım üçün insanlara elə gəlirdi ki, Məhərrəm Əliyevin hesabına millət vəkili olub, indi də heç nə etmir. Başqa məmur qardaşları kimi o da büdcədən yeyən insanlar sırasına daxildir. Məhərrəm Əliyevin hörməti var idisə, məni onun adına yazırdılarsa, lap yaxşı, buna sevinirdim. 

Çünki cəmiyyət onun yaxşı işlər gördüyünü, bu işlərin hesabına hörmət qazandığını qəbul edirsə, bu, çox müsbət haldır. Məni də həmin hörmətdən bəhrələnən qardaşı kimi qələmə verirdilər. Sonradan mən gördüyüm işləri az-az da olsa mətbuat, sosial şəbəkə vasitəsilə işıqlandırmağa başladım. Amma Azərbaycanda da jurnalist ailəsi çox genişdir. Ölkəmizdə əsl jurnalistlərlə yanaşı, jurnalist adından istifadə edənlər də vardı. Yanıma jurnalist kimi gəlib, əlindəki jurnalın adını düz deyə bilməyənlər, o jurnalı tərs tutanlar vardı. Aydın məsələ idi ki, nə üçün yanıma gəlirlər. Ona görə də qərara gəldim ki, gündəlik gördüyüm işləri sosial şəbəkə vasitəsilə yayım, işıqlandırım. Gündə 5 tədbirə gedirəmsə, onun heç olmasa bir-ikisini işıqlandırım. Qoy camaat görsün ki, mən boş-boşuna yerimdə oturmamışam, insanların dərdində-sərində aktiv iştirak edirəm. 

R.Arifoğlu: 

- Nəticə nə oldu? 

- Nəticə o oldu ki, problemlərim çoxaldı, işim artdı. Onsuz da mən heç kimdən sağ ol, mükafat gözləmirəm. Mənimlə o insanlar arasında bir əxlaq, vicdan, insanlıq borcu olduğunu bilirəm. Axtarmadım ki, məni yenə qınayacaqlar ya yox. Öz yoluma davam etdim. Nəsə yazıram sosial şəbəkədə, paylaşıram. Bəzən elə reaksiyalar gəlir ki. Onların bəzilərini araşdırıram, axtarıb tapmışam, çağırmışam, danışmışam... 

S.Telmanqızı: 

- Facebookda sizin barənizdə tənqid yazanların kimliyini araşdırıb, söhbət etmisiz? 

- Bəli. Pis məqsədlə yox. Tanışlıq, söhbət, inandırma məqsədi ilə. Zəng edib, dəvət edirəm, gəl gör sənin fikirləşdiyin, haqqında ədalətsizliklə yazdığın adama bənzəyirəm ya yox? Bəzisi gəlib, danışmışıq. Belə söhbətlər şəxsən mənimçün maraqlı olmayıb. Sadəcə, o insanlara özümü anlatmaq istəmişəm. 

“Bir nəfərin səsini almaq bir ailənin, bir nəslin, bir el-obanın səsini qazanmağa bərabərdir mənim üçün”

A.Ayxan: 

- O insanlarda sizinlə bağlı yaranan yanlış təəssüratı aradan qaldırmaq üçün, yəni... 

- Bəli. 2005-ci ildəki seçkilərdə bir səsimə görə rayondakı seçicimin arxasınca getmişdim. Bu adam mənim ərazimdə qeydiyyatda idi, amma seçki vaxtı xəstələnib rayona getmişdi. Ya da bağda qalan vardı. Yanımdakı dostlarımı göndərir, gedib həmin adamı maşınla səsverməyə gətirdir, sonra o bağa geri göndərirdim. Çünki bir səsin də önəmi böyükdür mənim üçün. Bir nəfərin səsini döndərmək bir ailənin, bir nəslin, bir el-obanın səsini qazanmağa bərabərdir mənim üçün. İrad bildirən insanlarla açıq danışmaq istəyirəm. Üzbəüz dayansın mənimlə, ittiham edirsə, mənim günahımın, suçumun  nə olduğunu mənə desin. 

A.Ayxan: 

- Bəzi deputatlar mətbuata müsahibələrində də, öz aralarında da dövlət məmurlarının, yüksək vəzifə sahiblərinin onların zənginə cavab verməmələrindən, onlarla ünsiyyətdən qaçdıqlarından şikayətlənirlər. Bu baxımdan, sizdə vəziyyət necədir? Çünki bayaq dediz ki, sizi məmur qardaşı kimi təqdim edirdilər çox vaxt. Nazirlər, komitə sədrləri ilə şəxsi, eləcə də seçicilərin problemlərini çatdırmaq üçün əlaqə yaratmaq imkanlarınız varmı? Sizinlə ünsiyyətə çıxırlarmı?

- Açığı, o problemləri millət vəkili kimi mən də yaşamışam. Amma mən bu  günə qədər heç bir məmurun qəbul otağında onu gözləməmişəm. Bu 11 ildə iki nazirlə, bir komitə sədri ilə görüşmüşəm. Nə icra başçıları, nə komitə sədrləri, nə nazirlərlə tez-tez görüşənlərdən deyiləm. Əgər konkret seçicilərimlə bağlı nəsə problem yaranıbsa, rəsmi blankımda sorğu yazıb göndərmişəm.

A.Ayxan: 

- O sorğuya reaksiyalar necədir? 

- Bəzi nazirliklər var ki, heç sorğuya cavab verməyiblər. Mən davamlı olaraq öz sorğularımı göndərmişəm. Saatı, günü ilə sənədləşdirib saxlamışam. Bunu həm də ona görə etmişəm ki, sonradan seçicim məni qınamasın ki, onun hansısa probleminə laqeyd olmuşam. Mənim heç bir məmurla ünsiyyətim yoxdur. Onlarla görüşməmişəm, heç nə də  xahiş etməmişəm. İdman və Gənclər Nazirliyi ilə əməkdaşlıq edirəm, idman sahəsindəki fəaliyyətimlə bağlı. Nazir də idman federasiyalarının hər birinə açıq olduğu kimi, mənimlə də ünsiyyətə açıqdır. Mənim doğrudan da qəbul elədiyim, işinə yüksək qiymət verdiyim məmurlar, nazirlər var. Bu o demək deyil ki, mən onların hər biri ilə görüşürəm. Sadəcə, mən onların fəaliyyətini izləyir və təqdir edirəm. Məsələn, yeni yaranmış nazirliklər var ki, gözəl iş üslubu, struktur yaradıblar. 

R.Arifoğlu: 

- Kimlərdir Sizin təqdirinizi qazananlar, deyə bilərsizmi? 

- Məsələn, Dövlət Sərhəd Xidməti... Bu qurumun fəaliyyəti, sərhədlərimizin təhlükəsizliyi hər zaman yüksək səviyyədədir. Miqrasiya Xidməti, Fövqəladə Hallar Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi bölünəndən sonra yaranan qurumlar... İndi Tarif Şurası qiymət qaldırıb. Amma bu, milli təhlükəsizliyimiz üçün önəmli məsələ deyil. Məvacibi az olan vətəndaşlarımız bununla bağlı narazılıq edə bilərlər, mümkündür. Amma dövlətçiliyimiz, milli təhlükəsizliyimiz üçün önəmli, iş görən nazirliklər var. Onların sayəsində ictimai və siyasi sabitliyimiz qorunur. Bir də görürsən, maaşı az vətəndaş deyir ki, məni uşağımın qarnı və öz dolanışığımdan başqa heç nə maraqlandırmır. Bundan böyük məna daşıyan dövlətimizdir. Hər şeydən öncə qorunan, sabit dövlətimiz olmalıdır. 

R.Arifoğlu: 

- Siz bir millət vəkili, eyni zamanda vətəndaş kimi ölkənin yaxın gələcəkdəki durumuna necə baxırsız? Hamı çox narahatdır.  Dünya miqyasında qlobal böhran gedir. Rusiya, Avropa  qitəsi, Amerika, Türkiyə kimi stabil cəmiyyətlərdə belə problemlər var. Bu baxımdan, Azərbaycanın yaxın gələcəyinə münasibətiniz nikbindirmi? Hakimiyyət xalqı bu situasiyadan çıxara biləcəkmi? 

- Mən əminəm ki, bu məsələlər daha tez bir müddətdə öz həllini tapacaq. İqtisadi böhran tək Azərbaycanda deyil. Bütün təbii sərvətləri olan ölkələr bu böhranı yaşayır və bu, Azərbaycanı gücdən salmaq üçün həyata keçirilən layihə də deyil. Bu böhran böyük dövlətlər üçün yaranan böhrandır ki, biz də onların küləyinə düşdük, onlar zəiflədikcə biz də zəiflədik. 

Çünki biz qonşu böyük dövlətlərdən qidalanırıq, əməkdaşlığımız var, qonşularımızdan çox asılıyıq. Müstəqil olsaq da, insanlarımızın gedib-gəldiyi, iş əlaqələri qurduğu, milyonlarla vətəndaşımızın yaşadıqları ölkələrdir. Həm də biz hər şeyi maddiyyatda görməməliyik. Dünyanın varı-dövləti dünyada qalacaq. İnsanlar əsrlərdir yaşayır, gəlib-gedir, amma qalan dövlət olur. Bəzi hallarda mən görürəm ki, imkanlı, ziyalı insanlar SSRİ-nin bərpa olunub-olunmayacağını soruşurlar. Onlara deyirəm ki, əgər bu sualı mənə verirsənsə, bil ki, bunun təkrar baş verməməsi üçün o meydanda birinci ölən mən olacam. Biz müstəqilliyimizi verib, yenidən əsarət altına girməyək deyə mən o meydana çıxıb vuruşacam. Bəlkə kimsə öz biznesini qorumaq üçün bunu istəyəcək. Amma mən hər şeyimlə hazıram ki, acından ölək, 5 il də ac qalaq, amma müstəqilliyimizi əldən verməyək. Biz tez bir müddətdə çıxış yolu tapacağıq. Amma buna görə hər kəs öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidir. Dövlətçilik, vicdan, vətən, türkçülük, kişilik, müsəlmançılıq naminə bunu etməlidir. Süni bürokratizm insanlarımızı narazı salır. Amma bu narazılıq dövlətçilik əleyhinə olan narazılığa çevrilməməlidir. Eləcə də Tarif Şurasına qarşı olan narazılıq dövlətə qarşı narazılıq olmamalıdır. Dövlət hansı çətinliklərin bahasına qorunub saxlanıb, bunu unutmaq olmaz. 

“Hər şeyimlə hazıram ki, acından ölək, 5 il də ac qalaq, amma müstəqilliyimizi əldən verməyək”

R.Arifoğlu: 

- Amma elə məsələlər var ki, orda sərhəd qoymaq olmur. Sadə insanlarla ön cəbhə kimi işləyən nazirliklər, icra hakimiyyətləri var. Onlar bəzən elə atmosfer yaradır ki, siz dediyiniz model əmələ gəlir. Bir məmurun davranışı, səriştəsizliyi ucbatından dövlətə münasibət neqativləşir. Bu baxımdan, kadr islahatlarının çox böyük əhəmiyyəti var. Bunlar barədə nə deyə bilərsiz? Daha çox hansı sahədə islahat tərəfdarısız? 

- Azərbaycanda islahatlar həyata keçirilir. İnsanları qane edən şəkildə olmasa da, bu edilir, kadrlar dəyişdirilir. Amma bu, köklü dəyişikliklər deyil... 

A.Ayxan: 

- (Replika verir) Həm də radikal dəyişikliklər deyil. Sanki nədənsə ehtiyat edilir.

 - Bəli. Mən əminəm ki, üzümüzə gələn il Azərbaycan üçün çox düşərli il olacaq. Halbuki insanlar bu gün əksini düşünür...

R.Arifoğlu: 

- Mənim də dediyim odur. Kollektiv bir nikbinlik yoxdur... 

- Biz bizdən öndə gedənə baxıb şikayətlənməkdənsə, bizdən arxada gələnə baxıb şükür etməliyik. Yəni bizdən pis vəziyyətdə olan dövlətlərə, cəmiyyətlərə baxıb şükür etməliyik. Heç olmasa bizim müstəqilliyimiz qorunur, heç olmasa Azərbaycanımız işğal altında deyil. Biz əsrlər boyu itirə-itirə gəlmişik. Amma bu gün ən güclü dövrümüzü yaşayırıq. Müəyyən zəif, cılız insanların səbirsizliyi, acgözlüyü ucbatından problemlər yaşamışıq. 

A.Ayxan: 

- Kadr islahatı deyərkən gözlənilən ən ciddi kadr təyinatı vitse-prezidentlərlə bağlıdır. Keçirilmiş referendum da buna görə idi həm də. Kadr islahatı deyəndə bunumu nəzərdə tutursuz? 

- Başlıca onu nəzərdə tuturam. O, çox böyük dəyişikliklərə gətirib çıxaracaq. Çünki vitse -  prezidentlik institutu Azərbaycanda yox idi, formalaşmamışdı. Hesab edirəm ki, o, ciddi struktur dəyişikliklərinə, böyük nəticələrə gətirib çıxaracaq. 

A.Ayxan: 

- Vitse-prezident institutu yaradıldı, nə dəyişəcək? Yəqin məlumatlısız... 

- Detallı məlumatım yoxdur. Lakin əminəm ki, önəmli dəyişikliklər olacaq. 

R.Arifoğlu:

- Sizi polis kökənli siyasətçi kimi tanıyırlar. Amma tərcümeyi-halınızın dərinliyinə gedəndə məlum olur ki, Adil Əliyev əslində hərbçidir. Özü də donanma zabiti... 

S.Telmanqızı: 

- Səhv etmirəmsə, hüquq təhsilinizi də çox gec almısız. 

“Tarif Şurasına qarşı olan narazılıq dövlətə qarşı narazılıq olmamalıdır”

- Hüquq təhsilim mənim üçüncü təhsilimdir. Mən Leninqrad Ali Hərbi Dənizçilik Məktəbində oxumuşam. Bakı idman təmayüllü internat məktəbini bitirəndən sonra təhsilimi Leninqradda (indiki Sankt-Peterburq - red.) davam etdirmişəm. 1987-ci ilin iyul ayından 1992-ci ilə qədər. 5 il orda oxuyandan sonra, 92-ci ildə gəlmişəm Azərbaycana. Bəziləri yazırdılar ki, Adil 90-ci illərdə qatarlarda reketlik edirdi (gülür). Halbuki mən qapalı təhsil müəssisəsində təhsil alırdım. Yaşım da uyğun deyildi ki, polis olum. 

Bəzi xaricdə yaşayan insanlar var ki, mənimlə bağlı hansısa söhbət çıxan kimi yazırlar ki, mən bunu tanıyıram, qatildir, qatarlarda reketlik edirdi. Belə yazanlar var, onları dostluqdan çıxarmışam. Mənim bütün karyeram şəffafdır, kağız üzərindədir. Günbəgün, sənədlərlə, kağızlarla, sübutlarla həm də. Mən xidmətdə, orduda olmuşam. 1.5 il hərbi dəniz qüvvələrində xidmət etmişəm. 

S.Telmanqızı: 

- Bəs niyə polisə keçdiniz? Polisin qardaşı mütləq polismi olmalıdır? Belə qanunauyğunluq var?  

- Əslinə qalanda düz deyirsiz. 1992-ci ildə gəldim ölkəmə. Avqust ayında hərbi dəniz qüvvələrinə təyinatım verildi. 1993-cü ilin dekabrında qədər hərbi dəniz qüvvələrində zabit kimi fəaliyyət göstərdim. 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə ölkədə vəziyyət necə idi, bilirsiz. Surət Hüseynov və onun dəstəsinin etdiklərini çoxları xatırlayır. Həmin ərəfədə polis sistemində də çox ciddi dəyişikliklər baş verirdi. Dəniz tərəfdən ölkəmizə çox böyük təhlükənin olmadığını və mənim müraciətimi rəhbərlik nəzərə aldı. Bakıda sabitliyin, stabilliyin qorunması üçün təbii ki, çoxlu insanları, idmançıları polisə dəvət edirdilər. Həmin ərəfədə mən rəsmi raportla müraciət edib, polisə keçdim. 1994-cü ilin yanvar ayının 5-də mənim əmrim çıxdı, Daxili İşlər Nazirliyinin Su Polisi İdarəsinin növbətçi  inspektoru vəzifəsinə təyin olundum. O müddətdən 2005-ci il parlament seçkilərinə qədər polis sistemində xidmət etdim. Müxtəlif rayon şöbələrində, müxtəlif vəzifələrdə... 

S.Telmanqızı: 

- Polis sistemindən siyasətə, parlamentə keçid etmək Azərbaycan üçün klassik mənzərə deyil. Çox kəskin dönüş sayılır karyera baxımdan... 

- Doğrudur. O zaman sizin jurnalistlərdən biri, 2005-ci ildəki seçki dönəmində sizin indi dediklərinizi də əlavə edərək, bir geniş yazı yazmışdı. “Maxta hara, dəniz hara, polis hara, deputat hara?” Rey Kərimoğlu idi müəllifin adı.  Hətta çox sonralar onunla bu barədə  danışdıq. Amma yazısı yadına gəlmədi. 

R.Arifoğlu: 

- Maxta sizin kəndinizin adıdır?

- Bəli. 

A.Ayxan: 

- Özünüzlə bağlı yazılanlara çox həssassız. 

- Xeyr. Haqsız yazılar olanda araşdırmağa çalışıram. 

A.Ayxan: 

- Tənqidə dözümlüsüz? 

- Bəli, ancaq haqlı tənqidə. 

A.Ayxan: 

- Amma siyasətçi haqsız da tənqid olunur və olunmalıdır bəzən... 

- Yox, mən niyə haqsız tənqid olunmalıyam ki? Mən, sadəcə olaraq, həmin adama demək istəyirəm ki, mənim haqqımda yazdıqlarınızda haqsızlıq var. Mənim günahım nədir? Mənə o günahımı deyin. Doğrudur, indi bir masa ətrafında əyləşmişik, dostcasına söhbət edirik. Amma zamanında “Yeni Müsavat” qəzeti mənim barəmdə çox haqsız yazılar yazıb. Mən unutmuşam artıq (gülür).

S.Telmanqızı: 

- Amma bayaqkı sual cavabsız qaldı sanki. Polis sistemindən parlamentə keçid... çox sürətli oldu... 

“Bu günə qədər heç bir məmurun qəbul otağında onu gözləməmişəm”


Rauf Arifoğlu:

- Bu, sanki bir imtina idi. Həmin vaxta qədərki fəaliyyətdən, həyat yolundan... 

- Bilirsiz, insanın həyatında önəmli məqamlar olur. Mən bu gün bir kitab yazıram. 20 ildir davam edir. Amma ərsəyə gətirə bilmirəm. Çünki çox böyük dəyişikliklər olur. Məni bu gün gənclərin həyatı çox maraqlandırır. Kitabın da mövzusu vicdan, əxlaqla bağlıdır... 

S.Telmanqızı: 

- Bədii əsərdir? 

- Açığı, mən qeydlərimi bir nəfər yoldaşa verdim ki, mənə bu məsələdə kömək etsin. Onu kitab şəklinə salmaq üçün. Vicdanla bağlı əsər idi, bədii əsər formasına salına bilərdi. Onun içində həyat dərsi var. 7 fəsildən ibarət idi, daha çox gəncləri maraqlandıracaq, uğur qazanmağın düsturlarını anlatmaq istədiyim yazılardır. Yazıları verdiyim adam sonradan onları qaytarmadı; mənə dedi ki, qaytarmışam, amma qaytarmadı. Ona görə də hər şeyi oturub yenidən yazdım... İnsanların həyatında önəmli məqamlar olur. Bu gün çox istedadlı, yüksək potensiallı insanlar kabinetlərdə oturub, istedadlarını xərcləyirlər orda. Amma onların həyatında keçid dövrü olub. Keçmək, dəyişmək məqamı olub. Onu risk edib, dəyişməyiblər deyə indi onun əzabını çəkirlər. Bu xalqa xidmət etmək istəyirsənsə fərqi varmı harda xidmət etməyin? Hansı sahədə daha çox fayda verə biləcəyini düşünüb, lazımi məqamda qərarını verməlisən. Əks halda, o şansını qaçırmış olacaqsan. Bax, mən o məqamlardan birində bu qərarımı verdim. Risk elədim... 

S.Telmanqızı:

 - Bu məqamda qardaşınızdan, ölkənin tanınmış adamlarından biri olan general Məhərrəm Əliyevdən məsləhət aldınızmı? Kifayət qədər ciddi və riskli qərar idi çünki...

 - Təbii. Həyatımla bağlı önəmli məsələlərdə qardaşlarımdan məsləhət almışam. Qardaşlarım mənim üçün çox önəmli məktəb olub, işıq olub ki, onlardan öyrənmişəm, onlara baxıb həyatımı yaşamışam. Gedib kitabda, filmdə özümə qəhrəman axtarmamışam. Görmüşəm ki, qardaşım bu həyatı yaşayıb, onun həyatındakı məqamlar, çatdığı mərtəbə məni qane edirsə, nəyə görə özümə qıraqda qəhrəman axtarmalıyam? Ona görə də mən qardaşlarımı özümə örnək görmüşəm.
S.Telmanqızı:

 - Siz siyasətə başlayanda kifayət qədər riskli bir dairədən namizədliyinizi verdiniz. Müxalifətin lideri olan İsa Qəmbərin namizəd olduğu dairəni seçməniz birmənalı qarşılanmadı, bunun siyasi proje olması rəyi də var idi. Hətta özünüz daha sonra müsahibələrinizdə də dediniz ki, mənimçün ən ciddi rəqib İsa Qəmbər olub. Siz niyə bu dairəni seçdiniz? Daha öncə bu ərazidə yerləşən 16-cı polis bölməsində çalışdığınız üçün, ya İsa Qəmbər faktoruna görə?

 - Burda iki məqam var. Birincisi, həmin ərazidə işləməyim əsas faktor idi. Üstəlik, ölkənin idman ictimaiyyəti əsasən həmin ərazidə məskunlaşıb. İkinci məqam o idi ki, seçkidə məğlub olma ehtimalını da qəbul edirdim. Sabah “kimə məğlub olmusan” sualı çıxacaqdı ki, o sual mənim üçün çox önəmli idi. Bilirdim ki, məğlub olsam da, cavabım “ana müxalifətin ən güclü liderinə məğlub olmuşam”, olacaq. Seçki dövründə isə rəqibimdən yaxşı işlədik. İsa Qəmbərin iki görüşü yadımdadır, bəlkə üçüncüsü də olub. Amma mən 102 görüş keçirdim.

S.Telmanqızı:

 - Seçicilərə pul paylayırdız?

 - Pulum var idi ki, paylayım da? Ancaq tək Allahım şahiddir ki, o seçkilərdə mən və komandam böyük əziyyətlər çəkdik. Hətta mən Rusiyada, birgə təhsil aldığımız dostlarıma deyirdim ki, bəlkə sənin bu dairədə yaşayan hansısa qohumun ola? Bir nəfər seçicinin səsi də yetərlidir. Seçki texnologiyasını tamam fərqli qurmuşdum. Ona görə də həmin ərəfədə əsas rəqibimin nümayəndələri seçki dairələrini qoyub qaçırdılar. Halbuki daha öncədən şərt kəsmişdik ki, kimin namizədi qalib gəlsə, kişi kimi əl verib, təbrik edəcəyik. Amma onların bəziləri hətta protokollara qol çəkmədən çıxıb gedirdilər. Mən onu da anlayırdım ki, bütün xarici müşahidəçilər kamera ilə qutuların başında idi. Orda heç bir qanun pozuntusuna əl atmadıq. Bilirdim ki, hər hansı bir neqativ hal birbaşa mənim başımda çatlaya bilər. Ona görə də ancaq qanuni yollardan istifadə edirdim.

R.Arifoğlu:

 - İdman sektoru ilə sıx əlaqələriniz var. Özünüz də ölkənin ciddi idmançılarındansız və dərəcəniz var. Veteranlar üzrə kikboks üzrə iki dəfə dünya çempionu olmusuz. Biri də bu il olub. Sizi idmana bağlayan nədir? Sadəcə, fiziki sağlamlıq, qalib gəlmək, kimdənsə üstün olmaq arzusu, yoxsa polis və zabit kökənli olmanız?

“Övladlarımın vətəndə qalmasını, burda oxuyub işləməsini üstün tuturam”

- İdman mənim üçün hər şey deməkdir. Özümü idmansız görmürəm. Maraqlı budur ki, idmanda qazandığım zədələri də idmanla müalicə etdim. Belimdə üç dənə yırtıq əmələ gəlmişdi, idmanla onu müalicə etdim - üzgüçülüklə. 15 il bütün dünyanı gəzdim, mənə dedilər ki, bunun müalicəsi üzməkdədir. Amma heç kim demirdi ki, konkret necə üzmək lazımdır. Əvvəllər ağrılarım çox olurdu. Son iki-üç ildə mən özümü müalicə etdim, bel yırtığım aradan qalxıb. Bir neçə nəfərə də bu məsləhətimi vermişəm, effektini görüblər. İkincisi, idman mənim peşəmdir. Mənim təməlim idmanda qoyulub. Qardaşlarım məni uşaqlıqdan bu cür istiqamətləndiriblər. Daha sonra təhsilimi də məhz bu yöndə aldım. İndi isə əminəm ki, idmanla hər yaşda məşğul olmaq mümkündür. Bizim getdiyimiz veteranlar arası yarışda 70-75 yaşlı insanlar da rinqə çıxırlar. Bu, bir bayramdır, festivaldır, tanınmış idmançıların əyləncəsidir. Biz bunu nəyə görə etməyək? Xaricdə yaşlı insanlar idmanın mümkün olan növləri ilə məşğul olurlar. Bizdə isə insanlar yaşlanan kimi nənə-baba statusunu alıb, tərpənmirlər.

S.Telmanqızı:

 - Söhbətimizin əvvəlində dövlətin təhlükəsizliyindən danışdıq. Yaxın tariximizdə baş verən MTN olaylarına toxunmaq istəyərdim. Hansı ki, dövləti və cəmiyyəti ciddi şəkildə sarsıtdı. Müsahibələrinizdən birində oxumuşdum ki, “Akif Çovdarov kimi birini o cür mötəbər vəzifəyə gətirib oturtmaq, dövlətin dayaqlarını sarsıtmaq deməkdir”, söyləmisiz. Sizcə, bu cür olayların baş verməsi nəyin nəticəsi idi? Yanlış kadr siyasəti, məmur özbaşınalığı, hüdudsuz səlahiyyətlər?..

- Hər kəs etdiyi əmələ görə sorğu-sual olunacaq. Böyük vəzifə sahibi olan insanlarda təvazökarlıq hissi çox aşağı səviyyədədir. Özlərini elə aparırlar ki, sanki yeri-göyü bunlar yaradıblar. Ancaq ən böyük nemət insaniyyətdir, insanlıq zirvəsidir. O insanlar ki, dünya malı, bər-bəzəyi vicdandan üstün tutur, onlar hər yerdə əmələ gələ bilər.

 R.Arifoğlu: 

 - MTN-in əvəzinə yaradılan Dövlət Təhlükəsizlik Xidməti bizim haqqında danışdığımız o prosesin bir növ yekunudur. Sizin fikrinizcə, proses necə gedir?

- Bu gün cənab prezidentin o vəzifələrə təyin etdiyi insanları cəmiyyət yaxşı qəbul edir. Mədət Quliyev yerində olan adamdır. Bu gün onun təyin olunması həmin sahədə xidmətlərin yaxşı mənada dəyişikliklərə gətirib çıxarmasının təminatçısıdır. O sistem indi öz vəzifəsi ilə məşğuldur. Heç bir reketlik, adam oğurluğu, quldurluq əməllərindən söhbət gedə bilməz. Son keçirilən əməliyyatlardan görünür ki, insanlar öz peşəsi, sahəsi ilə məşğuldur. Ümidvar olmalıyıq ki, daha öncə bu sahədə yaşanan neqativ hallar təkrarlanmayacaq.

R.Arifoğlu:

 - Sizin adınız bu yaxınlarda mətbuatda Sankt-Peterburqda MDB Parlament Assambleyasının növbəti toplantısında erməni deputatla konfliktə girməklə hallandı. Necə düşünürsüz, qeyri-cəbhə sahəsində, diplomatiya, informasiya müharibəsi sahəsində imkanlarımız nə yerdədir? Oxucular üçün deyim ki, həmin toplantıda erməni deputat aprel döyüşlərində Azərbaycan əsgərlərinin guya erməni uşaqlarının başını kəsməsi ilə bağlı yanlış rəy yaymağa çalışmışdı...

- MDB dövlətləri Parlament Assambleyasının 45-ci sessiyasında komissiyaların da işi müzakirə olunurdu. O erməni xanımın - Naira Zöhrabyanın Azərbaycanla bağlı hər zaman aqressiv münasibətinin, bizim əleyhimizə gördüyü işlərin şahidi idim. Gündəlik təsdiqlənəndən sonra bu qadın söz alıb dedi ki, mən keçən iclasda aprel hadisələri ilə bağlı müraciət etmişdim. Dedi ki, guya həmin hadisələr zamanı 18 yaşlı erməni gənclərin başı kəsilib və sair. Təbii ki, ona bu məsələnin həmin komissiyada müzakirəsinin doğru olmadığı deyildi. Amma mən bu məqamda israrla söz alıb cavab verdim. Dedim ki, bu məsələdə haqlı tərəf bizik, torpaqlarımız işğal altındadır, qaçqın-köçkünlərimiz var. Sizin təxribatınız nəticəsində baş verən qısamüddətli müharibənin də səbəbi sizsiz. Deyirsiz ki, gənclərinizin başı kəsildi orda. Mən də soruşuram ki, sizin gənclərinizin orda nə işi vardı ki, başı kəsilsin? Hətta sizin prezidentinizin də Azərbaycan sərhədlərinin qorunması ilə bağlı açıqlaması var.

R.Arifoğlu:

- Əslində isə erməni əsgərlərin başının kəsilməsi faktı olmayıb...

- Zatən mən dedim ki, belə fakt olmayıb. Ancaq biz də haqq edirik ki, vətəndaşlarımıza dəyən ziyanın ödənilməsi müzakirə olunsun. O xanım da susdu və mövzunu davam etmədi. 

R.Arifoğlu: 

- Azərbaycan prezidentinin Qarabağla bağlı apardığı proses, atdığı addımlar bir vətəndaş, millət vəkili olaraq sizi qane edirmi? İstər diplomatiya, istərsə hərbi sahədə apardığı xətlə bağlı fikirlərinizi bilmək maraqlıdır.

- Bu gün hərdən biz də, vətəndaşlarımız da səbirsizlik edirik ki, tez müharibə olsun, torpaqlarımız qayıtsın. Amma bəzən anlamırıq ki, bu, bütün xristian dövlətlərinin istədiyi işğaldır. Bu işğal tək Ermənistan tərəfindən həyata keçirilməyib. Bu, bizi bir azərbaycanlı, türk kimi, neft dövləti kimi işğal olunmağımız deməkdir. Bu gün apardığımız siyasətdən artıq siyasət aparmağımız mümkün deyil. Aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə öz sabitliyimizi qoruya bilirik. Bir çox sahələrdə əldə etdiyimiz uğurlar bizə baha başa gəlib. 

Biz bu gün təklənmişik. Güclü düşmən qonşularımız var. Ölkə rəhbərinin ordu sistemindəki, müdafiə sənayesi sahəsindəki gördüyü işlər təqdirəlayiqdir. Bu gün bizim Müdafiə Sənayesi Nazirliyi silah, pilotsuz təyyarələr, “İstiqlal” tüfəngi istehsal edir. Biz onları xaricdən almırıq. Özümüzdə istehsal olunması uğurumuzdur. Bu gün ordumuzun güclənməsi, Azərbaycan əsgərinin daha yaxşı silahlarla təchiz olunması bizim uğurumuzdur və gələcəkdə də uğurlarımızın təminatçısıdır. Hazırda bu uğur da İlham Əliyev cənablarının apardığı uğurlu siyasətin nəticəsidir.

R.Arifoğlu:

- Aprel döyüşləri bizə nə verdi? 2017-ci ilin yazında əməliyyatlar üçün münasib zamanda yeni bir hərbi toqquşma ehtimalını yaxın buraxırsızmı? 
Fikrinizcə, bu, lazımdırmı? Erməni ekspertləri həyəcanla bu ehtimalı vurğulayırlar. Bizim bu erməni təxribatına qarşı adekvat addımımızın olması nə dərəcədə mümkündür?

- Əvvəla, aprel hadisələri bizə çox böyük dərs oldu. Biz bu prosesə  - müharibəyə hazır olduğumuzu gördük. Bundan başqa, “Azərbaycan ordusu zəifdir” stereotipini dünyada sındırdıq. Xaricdə yaşayan ermənilər həmişə bizə məğlub ordunun təmsilçiləri kimi baxırdılar. Son hadisələr bizim güclü və qalib olduğumuzu göstərdi. Bundan sonra ermənilərin həyəcanı artdı. Heç vaxt demək olmaz ki, bu hadisə təkrarlanmayacaq. Azərbaycan ordusu yerindədir, onun nəyə qadir olduğunun şahidi olduq, müdafiə naziri Zakir Həsənovun gördüyü işlər yüksək səviyyədədir. İnanıram ki, daha güclü ordu yaratmaq üçün bu hərbi nazirliklər bundan sonra da böyük işlər görmək qabiliyyətinə malikdir. Təxribat hər zaman ola bilər. Ermənilər Azərbaycan beynəlxalq aləmdə uğur qazanandan sonra bu təxribatları edirlər. Amma bunun da cavabını layiqli formada alırlar. 

R.Arifoğlu:  

- Qarşıdakı aylarda növbəti hərbi əməliyyatı mümkün sayırsızmı? 

- Təbii, mümkün sayıram. Həmişə hazır olmalıyıq. Danışıqlar həmişə normal nəticə vermir. Minsk Qrupu üzvləri, ümumən format dəyişdirilməlidir. Rusiya, Fransa, Amerika birmənalı şəkildə dəyişdirilməli və bizim istədiyimiz dövlətlər olmalıdır.

R.Arifoğlu:

- Hansı dövlətlər olmalıdır?

- Ən azı biri Türkiyə olmalıdır. Başqa Asiya dövlətlərindən də ola bilər.

R.Arifoğlu:

- Digər qonşu ölkələr var - İran və Rusiya.

- Rusiya heç vaxt bizə imkan verməyəcək. Nə Rusiya, nə də İrandan Azərbaycan ordusuna nə zamansa dəstək veriləcəyinə inanmıram. 

R.Arifoğlu:

- Türkiyədən gözləntiləriniz nədir?

- Türkiyə son zamanlar böyük hadisələrlə üzləşdi. Ona baxmayaraq, umduğumuz dövlət Türkiyədir. Ən azından Türkiyə vətəndaşlarının bizim yanımızda olması bir faktdır. Bir neçə il öncə Türkiyə sərhədlərin açılması ilə bağlı addımlar atırdı. Amma Türkiyə və Azərbaycan ictimaiyyəti buna böyük təpki göstərdi ki, Qarabağ problemi həll olmadan bu mümkün deyil. Biz də Türkiyədən başqa bunu kimdən ummalıyıq ki?

“Aprel hadisələri bizə çox böyük dərs oldu”

R.Arifoğlu:

- İnanclısız? İbadət edirsiz?

- Bəli.

R.Arifoğlu:

- Bu, sizin çevrədə necə qarşılanır? Siz elə sektordasız ki, orada cəmiyyətin ən müxtəlif kəsiminə aid insanlar toplaşıb. Bir az da Azərbaycan keçmiş Sovet dövləti olaraq ateizmin izlərini hələ də özündə saxlayır. Bu baxımdan, parlamentdə münasibətin necə olduğunu soruşdum... 

- Açığı, inanc məsələsi insanın daxilində olan məsələdir, reklam üçün etmirəm, heç kimə hesabat vermək fikrim yoxdur, bu mövzuda heç kimin də fikri mənimçün maraqlı deyil. Mən işığı, inkişafı, gələcəyi onda görürəm. Parlament mühitində də çox rahatam bu məsələ ilə bağlı. Öz fikrimin yiyəsiyəm. 

R.Arifoğlu: 

- Övladlarınız sizin fikirlərinizi nə qədər bölüşürlər? Onlarla müzakirələr aparırsızmı? Onlar sizin ən böyük əsərlərinizdir. İnancla, milliyyətçiliklə, dinlə, türkçülüklə bağlı fikirlərinizə şərikdilərmi? Onları kim olaraq hazırlayırsız cəmiyyətə? Və sonda onu da bilmək istəyərdik ki, təhsil və iş fəaliyyətlərini ölkədə davam etdirmək istəyirlər, ya xaricdə? 

- Əvvəla, övladlarımı vətəndaş, insan olaraq böyüdürəm. Uşaqlar böyüdükcə peşə ilə bağlı münasibətləri də dəyişir. Polis idim, polis olmaq istəyirdilər. İdmançı idim, idmançı olmaq istədilər. (gülür). İlk növbədə sənət, peşə önəmlidir. Amma ondan önəmlisi odur ki, uşaq əxlaqlı olsun, vətəndaş olsun, millətinə xidmət etsin. İmkanımız da var ki, xaricdə təhsil alsın, çalışsın. Amma mən vətəndə qalmağı, burda oxuyub işləməyi üstün tuturam. Mən niyə xaricdə davam etməliyəm həyatımı? Hər hansı problem varsa, öz ölkəndə də ola bilər, xaricdə də. Problem sınaqdır. Hər yerdə insanı yaxalaya bilər. Bu sınağa ləyaqətlə sinə gərib, Allaha təvəkkül etsən, bir də gördün sınaq bildiyin mükafata çevrilir...

Söhbəti qələmə aldı:

Sevinc TELMANQIZI 

 

Read 8078 times Last modified on Saturday, 03 December 2016 11:07

Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Şərhləri sosial şəbəkələrdə bölüşün

Azərbaycan Respublikası Milli Məslisinin deputatı Adil Əliyevin rəsmi saytı

FOTOLAR

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…