Adil Əliyev: "Qanunsuz işlər görən bütün icra başçılarını zindanlarda çürüdərdim"

Ölkə.Az-ın "Şəxsən mən" adlı rubrikasının bu dəfəki qonağımillət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevdir:

- Şəxsən mən yaxşı deputatam, yoxsa yaxşı federasiya prezidenti...

- Bu suala nə deputat, nə də federasiya prezidenti özü haqda danışaraq cavab verə bilər. Sual ağır sualdır. Biz böyük məmnuniyyətlə gördüyümüz işlər barəsində danışa bilərik.

Deputatlıq fəaliyyətimlə bağlı seçicilərim cavab verməlidir. Federasiya ilə bağlı federasiyamızın idmançıları cavab verməlidir. Ümumi götürəndə özümü nə yaxşı millət vəkili, nə də pis millət vəkili kimi qiymətləndirirəm. Eləcə də federasiya rəhbəri kimi. Zamanımı, gücümü, həyatımı bu işlərə sərf edirəm. Kənardan necə göründüyünü bilmirəm. Hər kəsin həyatı olduğu kimi mənim də şəxsi həyatım var. Çətin zəmanədə mənim heç olmasa vəzifəm var. Adama sual verələr ki, sənin də vəziyyətin pisdir, mənim də vəziyyətim pisdir. Ancaq sən o vəzifəni daşıyırsan. Öhdəsindən gələ bilmirsənsə, istefa ver. Heç kəsə yalvarmırlar ki, qurban olum, istefa vermə, otur yerində. Onun üçün də, heç nəyə baxmayaraq daha çox çalışıram ki, insanları razı salım, işimin öhdəsindən gəlim.

- Seçicilərlə görüşürsünüz?

- Tez-tez görüşürəm. Oturduğumuz məkan seçildiyim ərazidir. Şənbə günü olmağına baxmayaraq əgər otaqda işıq yanırsa, seçicilərim görüşə gəlir. Seçicilərimə qapımız hər gün açıqdır. Hər gün müxtəlif problemlərlə, suallarla gəlirlər.

- Şəxsən mən seçicilərimə maddi yardım edirəm?

- Olsa da, bu kütləvi xarakter daşımır. Gəlib problemini açıq şəkildə qabartmağı da hər kəs özünə sığışdırmır. Mənim insanlarla tam səmimi münasibətimdən sui-istifadə etmirlər, ancaq məni öz yaxınları bilib müraciət edirlər. Təbii ki, kömək etdiyim adamlar var.

- Millət vəkillərini cəmiyyət haqlı olaraq iki qrupa bölüb: danışanlar və susqunlar. Şəxsən mən niyə susqunam?

- Milli məclis məsələ həll etmək üçün bir məkan deyil. Milli Məclis qanunverici bir orqandır. Biz orada qanunun təkmilləşdirilməsi ilə, gündəliyə çıxarılan qanunlarla bağlı məsələ qaldırmalı, danışmalıyıq. Bu gün insanları daha çox gündəlik məsələlər narahat edir. Hər gün onların yanında olmaq lazımdır. Milli Məclisdə əgər hər hansısa məsələnin həll yolunu danışmaqda görmürəmsə, danışmağın mənası nədir?

- Deputat həmkarlarınızın bir çoxu maaşlardan gileylənir. Şəxsən məni deputat maaşı qane edir?

- Təbii ki, yox. Yaşamağa bəs edir. İşıq, qaz, su pulunu verirəm. Bazarlıq edirəm, ancaq toya getməyə bəs etməyəcək. Müalicə olunmağa bəs etməyəcək. Bunu açıq etiraf etmək lazımdır. Gün ərzində 3 toy varsa, artıq kimin toyunda iştirak edəcəyimi götür-qoy edirəm. İstənilən adama ayda 5 min manat maaş ver, 5 min manatlıq dərdi tapılacaq. Məcbursan qazandığın pul ilə güzəranını qurasan.

- Şəxsən mən Oktay Əsədovun yerinə olsaydım...

- Oktay Əsədov da, məsələ qaldıran millət vəkilləri də, bilirlər ki, gündəliklə bağlı danışmaq lazımdır. Oktay Əsədov deyir ki, gündəlikdə duran məsələ ilə bağlı fikir söyləyin. Gündəliyə çıxarılan məsələlərlə bağlı sən fikir bildirmirsənsə, gedib hansısa kitabı eşələyib onunla bağlı danışırsansa, bizim vaxtımızı niyə alırsan? Bunun nə mənası var? Danışmağa nə ehtiyac var. O qədər media var ki, danışmaq istəyirsən çıx mediaya. Jurnalistlər danışdırmağa deputat axtarırlar, gedib jurnalistlərə danışsınlar. Milli Məclisdə 125 nəfərin vaxtını alıb başqa mövzudan danışmağın mənası nədir? Oktay Əsədov yerində iradlar bildirir. Şəxsən mən Oktay Əsədovun yerinə olsam, mən də onun etdiyini edərəm.

- Qaz və işıq pulu artdı. Sizin bəzi həmkarlarınız bunu yaxşı addım olaraq dəyərləndirdi. Şəxsən mən buna necə münasibət bəsləyirəm...

- Təbii ki, münasibətim hər bir vətəndaş kimi çox pis oldu. Mən də vətəndaşam, mən də qazdan, işıqdan istifadə edirəm. Mənim də büdcəmə ziyan dəyir. Mənə də çox pis təsir elədi. Hələ bu günə kimi tarix göstərməyib ki, nəyinsə qiyməti düşsün. Qiymətlər qalxa-qalxa gedir. "Azəriqaz" qazı pulu ilə alır. Qiymətləri qaldirmaq məcburiyyətindədir. Sənin pulun, maaşın ona çatır və ya çatmır bu artıq ikinci məsələdir. Ona görə də, maaşın qalxıb-qalxmaması "Azəriqaz"ı maraqlandırmır.

- Paradoksdur. Maaşlar qalxmır, ancaq hər şey qalxır.

- Bu gün bütün dünyada durğunluqdur. Bu təkcə Azərbaycanla bağlı deyil. ABŞ və dünya maliyyə bazarını əldə saxlamaq istəyən təşkilatların istəyi bütün dünyanı nüfuz dairəsi altına salmaqdır. ABŞ kağız satır. Neft qiymətlərinin qalxıb-enməsi ABŞ-ı maraqlandırmır. ABŞ uzun müddət öz neft quyularından istifadə etmədi. Onlar heç buna maraqlı da deyildi. ABŞ belə desək qarşısına bir printer qoyub kağız kəsib, dünyaya satır. O kağızla hər şeyi alırlar. Dünyanı bu şəkildə idarə edə bilirlər. Bu gün onların məqsədi böyük dövlətlərin qızıl ehtiyatlarını əldə etməkdir. ABŞ üçün qarşıda duran əsas ölkələr Hindistan və Çindir. Onları öz əsarətlərinə alana qədər bu məsələ belə də davam edəcək.

ABŞ İŞİD-i yaratdı. Dünyada cihada qoşulmaq, cənnətə düşmək istəyən müsəlmanın sayı bitməyəcək. Dünyada acından ölən, kasıbın, yetimin sayı bitməyəcək. Ancaq Suriya ordusunun əsgəri bitəcək. Suriya ordusunun əsgərləri nə qədər güclü də olsa İŞİD-ə qoşulmaq istəyənlərin sayı artır. İŞİD də qırılır, ancaq yetim çox olduğu üçün oraya qoşulanların sayı da çoxdur. İstənilən anda Suriya ordusu bitəcək,ancaq yetim, kasıb, cənnət axtaran və cihada gedənlər bitməyəcək. Bunlar dünyəvi məsələlərdir. Azərbaycan bu məsələlərdə görünmədiyi üçün onları marqandırmır. Sadəcə biz bəzən onları neftimizlə, qazımızla qıcıqlandırırıq, maraqlandırırıq. Əslində bu neft, qaz heç özümüzə bəs etmir. Biz dünya siyastinə o qədər təsir edə bilmirik. Biz güclənirik, böyük layihələr həyata keçiririk.

- Şəxsən mən daxilən özümü harada görərdim...

- Taleyimiz hara bağlayıbsa orada. Özümü çox yerdə görərdim, ancaq mənim görməyimlə deyil. Mənim qismətim var. Heç nə istəməklə deyil. İstəyirəm maşınımı dəyişim, dəyişə bilmirəm. Bu həyat davam edir, yaşayırıq. Biz harada olmalıyıq, haradayıq bilə bilmirik. Həyat çox qəribədir. Həyatın qanunları çox sərtdir. Bununla barışmalıyıq. Artıq 47 yaşım tamam oldu. Dünənə qədər fikirləşə bilməzdim ki, 50 yaşım olacaq. 47, 50 yaşlı adamlar gözümün qabağına gələndə fikirləşirdim ki, gör bunlar nə qədər yaşayıb, neçə yaşları var. Bu gün artıq mənim 47 yaşım var. Həyat gedir. Bu da belə olmalıdır. Tanınmış, istedadlı, dahi insanlar dünyaya gəlib-gediblər, ancaq dünyanı düzəldə bilməyiblər, biz necə düzəldəcəyik? Nə üçün yarandığımızı və axirətimizi, Qiyamət gününü düşünmək lazımdır. Onda yaşamaq daha asan, rahat olur.

- Silvestr Stallone, Brüs Li kimi idmançılar kino sahəsində böyük uğurlar qazanıblar. Şəxsən mən özümü film qəhrəmanı kimi görürəm?

- Uşaqlıq arzularım olub. Mən tanınmış idmançı deyiləm, özüm üçün məşq edirəm. Azərbaycanın tanınmış idmançıları var ki, Azərbaycanı tanıdıblar. Bizim olimpiya, dünya çempionlarımız var, onlarla qürur duyuram. O idmançılar bu barədə düşünə bilər. Onlar layiqdirlər. Çalışıram insanlığın zirvəsinə çatım. Siz dediyiniz məsələ daha çox tanınmaq, daha çox gündəmdə olmaq üçündür. Bu mənim üçün önəmli məsələ deyil. Daha çox məndən narazı adamların sayının azalmasını istəyən adamam. Belə bir arzum, istəyim yoxdur.

- İdmandan söz düşmüşkən. Bizim idmançılarımız xüsusən olimpia oyunlarında bir dəfə nəticə əldə edirlər, sonra bunu təkrar edə bilmirlər. Bunun səbəbi nədədir?

- Bunun müxtəlif səbəbləri var. Hər kəsin bu məsələdə fərdi səbəbi var. Hər kəsə individual yanaşmaq lazımdır. Hər kəsin verdiyi nəticəyə hörmətlə yanaşmaq lazımdır. Onları qınamaq lazım deyil. Bizim bəzi tanınmış insanlar da idmançılarımızı qınayırlar. O idmançılar nəticə əldə etmək üçün hansı əzab-əziyyətləri çəkib? Bir anlıq özünüzü bu idmançıların yerinə qoyun. İdmançılar həyatlarını, sağlamlıqlarını risk altına alırlar. Ömürləri qısalır. Namiq Abdullayev Atlanta olimpidasında ikinci yerə çıxdı, Sidney olimpidasında birinci oldu. Atlantada Namiq Abdullayevin haqqını yedilər. Namiqi qəsdən uduzdurdular.

Bizim insanlar başqaları kimi deyil. Nəticə göstərən kimi ulduz xəstəliyinə tutulan idmançılarımız da var. Hər şeyi birdən istəyən insanlar da var.

- Şəxsən mən milyonçu olsaydım...

- Baxır hansı məqamda milyonçu olursan. Elə məqam olur ki, insan milyonçu olmaq istəyir ki, nəsə əldə etsin. Özünə ev almaq istəyir, maşın almaq istəyir, gəzmək, ailə qurmaq istəyir. Ümumi götürəndə Allah bizə hər şey verib. Evimiz, maşınımız var. Uşaqlarımız böyüyür, onlar təhsillərini davam elətdirsinlər, ailə qursunlar. Belə bir istəyim, arzum yoxdur. Əvvəl deyirdim ki, kaş tanınmış bir firmadan paltar alıb geyinəydim. Bu gün artıq o arzuları tamamilə unutmuşam. Mənim üçün hər şey adiləşib.

- Niyə?

- Mən artıq görmüşəm. Bahalı maşın, paltar, hər şey görmüşəm. Rusiyanın prezidenti Putin dedi ki, həyatda pul hər şey demək deyilmiş. Bunu anlamaq üçün Putin olmağa ehtiyac yoxdur. Bunu sizə deyirəm ki, həyatda pul hər şey demək deyil. Həyat pulla, var-dövlətlə bağlı deyil.

Milyonçu olsaydım ətrafımda dostlar var ki, uşaqları böyüyür. Onların toyunu edərəm. Evlə təmin edərəm. Mənim baxışımda önəmli olan bunlardır.

- Şəxsən mən Azərbaycan təhsil sistemindən razıyam?

- Azərbaycanda bəzi universitetlər var ki, adlarını çəkməyəcəm, bu ölkəni kor edən elə onlardır. İnsanlarımızın şüuru çox geridə qalır. Son dövrlərdə məktəblərin təmiri, tikintisi başlandı. Məktəb gözəl təhsil ocağıdır, tikilməlidir. Ancaq müəllimlərə daha çox ehtiyac var. Müəllimlərin də maaşı yüksək olmalıdır. Sovet dövründə, Stalindən belə bir deyim qalıb ki, həkimlə, müəllimi xalq özü dolandırmalıdır. Bu insanlarımızın psixologiyasında qalıb. Niyə görə həkim və müəllim vətəndaşın, tələbənin, şagirdin əlinə baxmalıdır? Bu tamamilə yanlış bir fikirdir. Nəyisə düzəltmək istəyiriksə, ilk növbədə təhsil və səhiyyəmizi düzəltməliyik. Hər bir imkanlı məmur bir nəfər kasıb uşağı xaricə təhsil almağa göndərsəydi, son 10-15 ildə Azərbaycan yüzlərlə, minlərlə mütəxəssis əldə edərdi. İl ərzində xaricdə təhsil alan 100 vətəndaşımız qalsın xaricdə, onlar da diasporamızın işi ilə məşğul olsun. 50-i də gəlsin Azəbaycana gözəl həkim, müəlllim, mühəndis olsunlar. Əgər belə olsaydı bu gün biz müəllim, həkim, mühəndis sarıdan əziyyət çəkməzdik.

- Şəxsən əlimə bir fürsət düşsəydi, Azərbaycanda və yaxud dünyada nəyi dəyişərdim...

- Qanunlarımızı çox sərt edərdim. Həddindən artıq sərt. Bu gün bizim qanunlarımızda həddindən artıq boşluqlar var. Rüşvət və korrupsiya cinayətlərinə görə müəyyən sərt qanunlar, məsələn, asmaq, edam etdirmək, qolunu kəsdirmək kimi cəzalar tətbiq edərdim. Qərarların icrasına şəxsən nəzarət edərdim. Çox şey edərdim. Məsələn, qanunsuz torpaq satan, pambıq, taxıl zəminlərini istismar edən, otlaq sahələrini özəlləşdirən icra başçılarının hamısını həbs etdirib, ömürlük zindanlarda çürüdərdim.

- Şəxsən mən bu tip mahnılara qulaq asıram...

- Son zamanlar hər şey mənim üçün adiləşib.

- Pessimistsiniz.

- Yox, pessimist deyiləm. Musiqi də, əyləncə də gözəldir. Hər şeyin həddi, məqamı, yeri var. Köhnə dostlara qiymət verən adamam. İmkanım var ki, köhnə dostlardan tamamilə qırılım, yeni dostlarla, millət vəkilləri ilə dostluq edim, futbol oynayım, yemək-içməyə də onlarla bir yerdə gedim. Ümumiyyətlə, köhnədən qalan, sinif yoldaşlarımla bir yerdə oluram. Bəlkə də onların işsizliyi, durumu məni narahat edir. İmkanım var ki, idmanı onlarla yox, imkanlı şəxslərlə edim. İmkanlı şəxslər, millət vəkilləri məni futbola dəvət edir.

Nə qədər dostlarımın vəziyyətinin yaxşı olması barədə özümü aldatsam da, ancaq içimdə bir hiss heç nəyin yaxşı olmadığını deyir. Musiqiyə də önəm verirəm, toylara da gedirəm. Toylar başlayandan hər gün toya gedirəm. Düzdür, əvvəllər restoranlara tez-tez gedərdim. Musiqiçi dostlarımız var, onları dəvət edərdik. Yeyib-içmək, araq olmayanda belə şeylər ön plana keçir.

- Futboldan söz düşmüşkən, hansı mövqedə oynayırsınız?

- Hansı mövqedə oynamağın fərqi yoxdur. Baxır hansı komanda ilə, kimlərlə bir yerdə oynayırsan.

- Qol pası verməyi xoşlayırsınız, yoxsa qol vurmağı?

- Məndə hissiyat var deyə, qol pasları verməyi də xoşlayıram. Pas alıb qol vurmağı da xoşlayıram. Futbol başqa aləmdir. Orada keçirdiyimiz vaxtda hər şeyi unudursan. 1 saat ərzində insanın fikri tamamilə yayınır. Futbol istənilən yeyib-içməkdən, musiqidən çox önəmlidir mənim üçün.

- Şəxsən mən bu klublara azarkeşlik edirəm...

- Azərbaycanda həmişə "Neftçi"nin azarkeşi olmuşam. "Qarabağ" oyununu çox izləyirəm. Qurban Qurbanova çox böyük hörmətim var. Musa Qurbanovla tez-tez görüşürük. Musa və Qurbanla dostluq edirik. Futbolla bağlı istənilən sualı ya Qurbandan, ya da Musadan soruşuram. "Qarabağ" onların klubu olmasaydı belə, Qarabağ adı daşıyan kluba azarkeşlik etməmək günah olardı. Bu gün yüzlərlə siyasətçinin görə bilmədiyi işi "Qarabağ" klubu gördü. Qarabağı tanıtdılar, Qarabağın kimə məxsus olduğunu dünyaya tanıtdılar. Futbol elə bil idman növüdür ki, bütün dünya onu izləyir. "Qarabağ"ı izləyirəm.

Türkiyə superliqasında "Fənərbaxça"ya azarkeşlik edirəm, ancaq Avropada oynayan digər klublarına da azarkeşlik edirəm. Evdə isə fənərbaxçalıyam. Ancaq bu azarkeşlik xəstəlik dərəcəsində deyil.

- Şəxsən mən bu nazir postunda özümü görürəm...

- Heç birində.

- Təklif olsa.

- Bu sualı son zamanlar nədənsə mənə hamı verir. Qaçıram belə suallardan. Vəzifə çox məsuliyətli bir şeydir. Bu gün məni 2-3 tədbirə çağırırlar, artıq özümə yer tapa bilmirəm. Vəzifədə olsan, istədin-istəmədin qapalı adama çevrilirsən. Bütün günün yazılır siyahıya, kabinetdə oturmalısan, işə nəzarət etməlisən. O da bu gün mənə xeyir etməz. Alışmışam ki, ərazidə olum, idmanla məşğul olum, camaatın içərisində olum, istədiyim tədbirlərə gedim. Belə mənə daha çox rahatdır. Ancaq dövlətimiz hara məsləhət görsə, ora da gedərəm. Bu gün hərbçi olmaq istəyirəm. Aprel hadisələri zamanı cəbhə bölgəsində istənilən vəzifəni tuta bilərdim. Suriyada gedib cihad etməyin mənası yoxdur. Bizim Suriyamız da, cihadımız da Qarabağımızdır. Hər biri evimizin içində var, harasa getməyə ehtiyac yoxdur. Təklif olsa, daha çox cəbhə bölgəsinə göndərilməyimi istəyirəm.

- Şəxsən mən qanuni oğru olsaydım...

- Rövşən Lənkaranskinin ölümündən sonra oğru aləmi gündəmə gəldi. Bilə-bilə adam öldürmək və sabah da öləcəyini və ya öldürüləcəyini bilərək bu həyata qoşulmaq normal adam işi deyil. Savadsızlıqdan, təhsilsizlikdən insanlar oğru aləmi barədə düşünürlər.

- Son zamanlar xüsusən gənclərimiz oğru aləminə böyük maraq göstərirlər. Ölkədə ən çox bu mövzuya aid kitablar oxunur.

- Gənclərimizdə günah yoxdur. Bu dərin bir siyasətdir. Açığı, tam çılpaqlığı ilə buna cavab verərdim, ancaq kimlərinsə xətrinə dəymək istəmirəm. Belə bir məqamın yaranması xoşagəlməzdir. Bir nümunə gətirim. Uşaqlığım küçələrdə, davalarda çox keçib. Təhsil aldığım Rusiyada çox şeylər görmüşəm. Polisdə işləməyim məni bəzi şeylərdən xilas edib. Bu yaxınlarda bir polis işçisi mənə bir etiraf etdi. Bölmə rəisi işləyəndə, bunu mənə danışan polis işçisinin bir ətrafı var idi. Orada biri özünü avtoritet kimi aparırdı. Bütün gənclər ona oxşamaq istəyirdi və adamın ətrafında xeyli idmançılar var idi. Elə məqam oldu ki, avtoritet deyilən adamı elə onun ətrafında olan idmançıların yanında, belə desək, qulağından tutanda, onun yanındakılar avtoritetin əsdiyini görəndə dedilər ki, bundansa polis olmaq yaxşıdır. O polis işçiləri hələ də mənə deyir ki, polis olduğumuz üçün sənə təşəkkür edirik. Çünki bilməzdik ki, özünə avtoritet deyən adam polis görəndə əsəcək.

Gənclərimizə məsələhət görərdim ki, harada olmalarından asılı olmayaraq özlərini bədbəxt etməsinlər. Daha çox oxusalar, daha çox təhsil alsalar bu cür sahələrdən yan qaçardılar.

- Şəxsən mən ən son bu kitabları oxumuşam...

- Son oxuduğum kitablar Xalid Hüseyinin əsərləridir: "Çərpələng uçuran", "Min möhtəşəm günəş", "Dağlardan səs gəldi".

- Gənclərimizə sözünüz?

- Gənclərimizlə bağlı çox iş görülməlidir. Hər kəs deyir, ancaq bu, söz olaraq da qalır. Fondlardan, büdcədən pul qazanmaq məqsədi ilə, gözdən pərdə asmaq xətrinə gənclərimizlə işlər görürlər. Pul qazanmaq yaxşı şeydir, ancaq o şeylər ki, dövlətə, vətənə bağlanır burada qazanc güdmək olmaz. İdman federasiyaları var ki, saxtakarlıqla məşğuldurlar. BUDO federasiyası və bir-iki federasiya saxtakarlıqla məşğuldur. Adını qoyublar Budo, kinkboxsinq üzrə yarış keçiririk. Onlara deyirəm ki, saxtakarlıqla məşğul olursunuz. Öz işinizlə məşğul olun. Hər il onlarla tədbir keçiririk. Bizə dəstəyi Gənclər və İdman nazirliyi verir. Dövlətdən bizə 20-25 min manat pul ayrılır. Bu isə 10 yarışdan birini ödəmir. Biz öz gücümüz hesabına bu qədər işlər görürük. Kiminsə mənim işimə maneçilik törətməyini istəmirəm.

Gələn il üçün böyük layihələrim var. Gənclərlə bağlı çoxlu işlər görəcəyik. Hər kəs özünə cavabdehdir.

- Azərbaycanın rayonlarının hamısında Olimpiya kompleksləri tikilib. Ancaq bu komplekslərin böyük əksəriyyəti demək olar ki, işləmir.

- Bunun hamısı insanlarımızın vicdanına bağlıdır. Azərbaycan Kikboksinq federasiyası olaraq Bakıdan gedib Ağdam Olimpiya kompleksində birinci dəfə yarış keçirən biz olduq. Onların işləməməsində rayon rəhbərliklərinin günahı yoxdur. Bayaq dediyim kimi, göstərici xətrinə yox, iş xətrinə iş görmək lazımdır. Bizim idman növündə çoxlu ağdamlı uşaqlar var. Məşhur ağdamlı idmançılarımız var ki, onlar Ağdamda böyüyüblər. O idmançıların nəsli, kökü oradadır. Oradan niyə seçib axtarmayasan. Ağdam Olimpiya kompleksində peşəkar yarış keçirirəm. Nə qədər idmançını yığıb gedirik Ağdama. Başqa idman növləri niyə gedib o yarışı keçirtmir? Ona Ağdam, onun icra hakimiyyəti nə etsin? Bakıda pul qazanmaq üçün saxta yarış keçirməyin nə mənası var? Bunların hamısı insanların vicdanına bağlıdır. Gənclərlə bağlı həyat dərsi keçirəm, universitetlərdə mühazirələr deyirəm. Gənclərimizin qulaqları bu gün eşitmək istəyir. Gənclərimiz niyə axtarıb tapmalıdır, siz tapın. Niyə göstəriş xətrinə iş görürsünüz? Hansı hərbi hissəyə gedirəm, ancaq kikboksçu görürəm, səngərə gedirəm yenə eyni mənzərə ilə rastlaşıram. Füzulidə, Ağdamda, Tərtərdə səngərə gedirəm, kikboksçu görürəm. Bəs başqa idman növlərinin uşaqları hanı? Hanı bu idmanın kütləviliyi?

Düşüb deyirlər ki, erməni dolmamı bişirdi, sarı gəlinimi oxudu. Get Rusiyada dolmanı bişir, yedizdir, Rusiya TV-lərinə pul xərclə göstər ki, bu sənin dolmandır. Bizimkilər öyrəşib ki, onun, bunun arxası ilə düşsünlər.

- Ermənilər minaları tökür.

- Bizimkilər başlayır onu təmizləməyə. Hücuma biz keçməliyik. Özümüz minalamalıyıq. Hər kəs deyir, qınayır, hər kəs futbolçularımızı pisləyir. Heç kim bir manat verib futbola azarkeşlik etmək istəmir. Deyir, 1 manata min dərdim var. Get gecə-gündüz işlə. Demirəm, az maaşın var, əlavə olaraq da fəhləlik elə. Deyir, siqaretə pulum güclə çatır. Siqareti tərgit. Arağa pulum çatmır, yeyib-içməyi tərgit. Get evində ailəni yığ başına yeməyini ye. Siqaret çəkmə, araq içmə, çaxır içmə.

- Sosial şəbəklərdə deputatların olduğu bir foto paylaşılmışdı. Çoxlu tənqidlər var idi.

- Qazaxıstan dövlətinin müstəqilliyi ilə əlaqədar Qazaxıstanın Azərbaycandakı səfirliyi tədbir hazırlamışdı. Orada cəmi bir masa var idi. Biz də orada şəkil çəkdirmişdik. Bunu sosial şəbəkələrdə paylaşıb, müzakirəyə çıxardılar. Hamı deyir, deputatların yeyib-içməyi belədir, xalq belə. O deputatların yeyib içməyi deyildi. Qonaq dəvət ediblər. Bu o deməkdir ki, biz gündə o cür yeyib içirik? Stolun üstündə heç isti yemək də yox idi. At ətindən kolbasa idi. Sadəcə gözəl bəzədilmiş stol idi. Şəkili sosial şəbəkədə hoydu-hoyduya götürdülər.

Kim çox yeyir, kim az yeyir, özü bilər. Heç kimə borcum yoxdur. Alnım açıqdır. Dövlətin bir dənə də olsun layihəsində, tikintisində, təmirində iştirak etməmişəm. Kiminsə mətbəxinə girmək fikrim yoxdur. Kiminsə çirkli paltarlarını eşələmirəm. İrad tutanlar var. Dəvət edirəm, yığışıb gəlsinlər, müzakirə edək.

- Şəxsən sən...

- Gözəl bir söz oxudum, deyir, jurnalistlər reket deyil, reketlər gəlib jurnalistlərin içinə girib. İstedalı jurnalistlərimiz çoxdur. Jurnalistdən də çox şey asılıdır. Məncə bugünkü söhbətimiz yaxşı alındı...

Səxavət Məmməd
Fotolar: Nurlan Gülməmmədov
Ölkə.Az

 

Read 1386 times Last modified on Monday, 19 December 2016 19:26
Açar sözlər

Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Şərhləri sosial şəbəkələrdə bölüşün

Azərbaycan Respublikası Milli Məslisinin deputatı Adil Əliyevin rəsmi saytı

FOTOLAR

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…