Adil Əliyev | rəsmi sayt - Müsahibə|2095f2
“Yüksək təşkilatçılığı ilə yarışlara möhürünü vuran Azərbaycan bir gün Olimpiya Oyunlarına da ev sahibliyi edəcək”
 
 
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyevin müsahibəsi

– Adil müəllim, bilirsiniz ki, Azərbaycan daha bir idman yarışına-IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Bir neçə gün öncə oyunların açılış mərasimi baş tutdu. İstərdik, bununla bağlı öz təəssüratlarınızı bölüşəsiniz. Daha çox diqqətinizi nələr çəkdi? 

– IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi olduqca möhtəşəm idi. Tədbirin mahiyyətinə uyğun olaraq dünyanı sülhə, həmrəyliyə, dostluğa çağıran kompozisiyalar deyə bilərik ki, istər xalqımızın, istərsə də ölkəmizə təşrif buyuran xarici qonaqların yaddaşına gözəl xatirə kimi həkk olundu. Xüsusilə, Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini özündə birləşdirən səhnələr hər kəsin, eləcə də xarici qonaqların marağına səbəb oldu. İslam dünyası üçün olduqca vacib olan belə bir oyunların təşkilatçılığının yüksək səviyyədə həyata keçirilməsi şanlı tariximizdə yeni bir səhifə açdı. Açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri   Mehriban xanım Əliyevanın çıxışı isə birmənalı olaraq hər bir azərbaycanlını, eləcə də məni qürurlandırdı.

Dünyada İslam ölkələrinə qarşı təzyiq, təhdidlər göstərildiyi bir zamanda İslam həmrəyliyi nümayiş etdirən dövlətimizin, dövlət başçımız cənab İlham Əliyevin İslam ölkələrinə qucaq açması dünyaya bir ismarıc oldu. Bununla Azərbaycanın multikultural, tolerant, sülhsevər, ikitərəfli və çoxtərəfli əməkdaşlıqlara açıq olan bir dövlət olduğu bir daha sübut edildi. Əslində Azərbaycan bu dəyərlərin daşıyıcı olduğunu tarixən sübut etmişdir. Bu gün isə islami dəyərlərə söykənən həyat tərzinin davam etdirildiyini bəyan etdi.

-Ümumiyyətlə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? Bunu başqa cür yozanlar da var…

-Bütün beynəlxalq tədbirlər kimi IV İslam Həmrəyliyi Oyunlarının da məhz ölkəmizdə keçirilməsi heç də təsadüfü deyil. Azərbaycandakı əmin-amanlıq, inkişaf, qonaqpərvərlik nəinki idman yarışlarına, həmçinin siyasi, mədəni tədbirlərə də ev sahibliyi etməyimizə zəmin yaradır. Ölkəmizə bir dəfə ayaq basan, buranın adət-ənənələri ilə tanış olan, gözəlliklərini duyan hər bir xarici qonaq yenə də Azərbaycana gəlmək istəyir və mötəbər yarışların burada keçirilməsini təqdirəlayiq hesab edir. Bütün bunlarla yanaşı dövlətimiz öz növbəsində tanınır və Azərbaycan həqiqətlərini dünyaya çatdırmış olur. Dünya birliyi, beynəlxalq aləm artıq bu həqiqətlər qarşısında aciz durumda qalır. Mənfur düşmən, ermənilər güclü Azərbaycanın dünyaya saldığı səsdən vahiməyə düşür, öz acizlikləri ilə barışmalı olurlar.

Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin əsas məqsədlərindən biri də məhz budur. İnanıram ki, Azərbaycan sürətli inkişafı nəticəsində daha böyük yarışlara ev sahibliyi edərək, uğurlara imzasını atacaq, öz həqiqətləri ilə dünyaya car çəkəcək.

-Siz eyni zamanda idmana bağlı insansınız, Azərbaycan Kikboksinq Federasiyasının prezidentisiniz. İdmançılarımızın hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?

-Son zamanlar ölkəmizdə idmana olan maraq, idman sahəsində  kütləviliyin təmin edilməsi Azərbaycanın idman ölkəsi kimi tanınmağına imkan yaradıb. Dünyanın ən nüfuzlu idman təşkilatları gənc dövlət olan Azərbaycanın, idmançılarımızın nəyə qadir olduğunu artıq bilir. İdmanın bütün sahələrində güclü olan Azərbaycan idmançıları bayrağımızı Avropa, dünya çempionatlarında şərəflə dalğalandırırsa bu, bizim fəxrmizdir. Qələbələrə adlarını yazdıran idmançılarımızın sayı günü-gündən artır. Bu isə onu deməyə əsas verir ki, idmançılarımız onlara göstərilən dövlət qayğısından bəhrələnir, daha da ruhlanırlar.

Dövlət başçısının şəxsən yarışlara gəlməsi, idmançılara dəstək olması, onları izləməsi, medallar təqdim etməsi xoşbəxtlik demək deyilmi?! Hesab edirəm ki, məhz cənab Prezidentin diqqət və qayğısı sayəsində idmançılarımızın fiziki hazırlıqları yüksək səviyyədədir və bu yarışa da idmançılarımız yüksək səviyyədə hazırlaşıblar. Onların texniki bazaları günbəgün gücləndirilir, hər şərait yaradılır. Bunu qazanılan medalların sayından da görmək mümkündür. İnanıram ki, medal sayına görə digər ölkələrdən üstün olaraq öz gücümüzü göstərəcəyik.

-Adil müəllim, Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının ardınca Olimpiya Oyunlarının da ölkəmizdə keçirilməsi nə qədər real görünə bilər?

-Bu cür yarışların Azərbaycanda keçirilməsi əlbəttə ki, bir günün qərarı deyil, bu, günlərlə, aylarla verilən qərarın nəticəsidir. Ölkəmizə gəlib buradakı sabitliyi, təhlükəsizlik orqanlarının fəaliyyətini görən təşkilat komitələrinin rəylərindən görmək olar ki, nə zamansa Olimpiya Oyunları da Azərbaycanda keçirilə bilər. İdman arenalarının, qurğularının sayı çoxaldıqca bizdə əminlik daha çox artmağa başlayır. İnanırıq ki, yüksək təşkilatçılığı ilə yarışlara möhürünü vuran Azərbaycan bir gün Olimpiya Oyunlarına da ev sahibliyi edəcək.

Gununsesi.info

Ötən həftəsonu Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyevin rinqə çıxacağı ilə bağlı xəbər yayıldı.

Millət vəkili Adil Əliyevin Lent.az-a müsahibəsi

Bu il Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək.

Haqqımızda

Millət vəkili Adil Əliyev ictimai fiqur kimi geniş ictimaiyyət dairələrinə açıqdır. Azərbaycan Respublikası Milli Məclisinin üzvü Adil Əliyev hər ayın əvvəllərində seçki qərargahında seçiciləri, qonaqlar və vətəndaşlarla görüşlər keçirir. 

Facebook

Top
We use cookies to improve our website. By continuing to use this website, you are giving consent to cookies being used. More details…